Azərbaycanın tarixi memarlıq və qəbirüstü abidələri bu gün də ermənilər tərəfindən dağıdılır, məhv edilir. Azərbaycan dəfələrlə yüksək kürsülərdən Ermənistanın maddi-mədəni irsimizi məhv etdiyini bəyan edib və YUNESKO kimi maddi-mədəni irsin qoruyucusu olan təşkilatları işğaldan azad olunan ərazilərimizə, eləcə də bu gün hələ də Ermənistan sərhədləri daxilində qalan Azərbaycanın tarixi abidələrinin dağıdılmasına qarşı tədbirlər görməyə çağırıb. Lakin bu çağırışlara nədənsə sükutla cavab verilir. Ermənilər isə, artıq bütün hüquqları tapdalayaraq sosial şəbəkələrdə azərbaycanlılara məxsus qəbrləri necə dağıtmalarının videolarını paylaşırlar. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov mühüm məqamlara toxundu.
– Azərbaycanın tarixi abidələri, maddi-mədəni irsinin məkan və sərhədlərinin xəritəsinə nəzər salsaq, qorunmaya, bərpaya ehtiyacı olan abidələrimizlə bağlı əsasən hansı faktları qeyd edərdiniz?
- Azərbaycanın coğrafi ərazisindən və onun miqyasından asılı olmayaraq, mövcud olan bütün mədəni irs nümunələrimiz, o cümlədən də tarixi mədəniyyət abidələrinin qorunmaya ehtiyacı var və mühafizə edilməlidir. İşğaldan azad olunmuş tarixi mədəniyyət abidələrimizə gəlincə, buna xüsusi həssaslıqla yanaşmalıyıq. Hazırda azad edilən ərazilərdə 1 888 tarixi memarlıq abidələrimiz salamat qalıb. Bu abidələrin bir qismi tamamilə yararsız vəziyyətdədir, digər qisminin ermənilər tərəfindən formaları dəyişdirilərək, erməni tarixi mədəniyyət abidələri kimi dünyaya təbliğ olunur. Bir qismi də hazırda ucqar ərazilərimizdə baxımsız vəziyyətdə qalıb.
- İşğal altında qalan tarixi abidələrimiz sənədlərdə və arxivlərdə nə dərəcədə öz əksini tapıb? Abidələrimiz 30 illik erməni işğalı dövründə hansı aqibəti yaşadı?
– Təəssüflər olsun, bizim işğal altında qalan tarixi mədəniyyət abidələrimizin arxivlərdə və sənədlərdə reallıqda olan sayları qeyd edilməyib. Sadə bir misal demək olar; məsələn, apardığımız ictimai araşdırmalar nəticəsində abidələrimizin sayı 2645-dir, bunun 1888-i memarlıq abidəsi, 749-u arxeoloji abidə, 64-ü monumental heykəltəraşlıq nümunələridir. Faktiki olaraq Azərbaycanın dövlət qeydiyyatında olan tarix-mədəniyət abidələrinin sayı 700-dən bir qədər çoxdur. Yəni bu da onu göstərir ki, sovet dövründə bu ərazilərdəki tarix- mədəniyyət abidələrinin qeydiyyata alınması məsələsinə düşünülmüş şəkildə əngəllər törədilib, abidələrin hamısı qeydiyyata alınmayıb. Müstəqilliyimiz erməni işğalı ilə üst-üstə düşdüyünə görə, həmin ərazilərdəki tarixi-mədəniyyət abidələrinin qeydiyyata alınması, sadəcə, mümkün olmayıb. Bu baxımdan, 44 günlük müharibədən sonra bizim ən böyük işlərimizdən biri mövcud olan tarix -mədəniyyət abidələrimizi qeydiyyata almaq, sənədləşdirmək və bu abidələrin hansı birinin bərpaya, yaxud da konservasiyaya ehtiyacının olduğunu araşdırıb fəaliyyətimizi bu istiqamətə yönəltməkdir.
Təkcə 30 illik işğal dövründə, ümumilikdə götürəndə bizim 72 məscidimiz, 182 inanc yeri-ziyarətgahlarımız, türbələrimiz, 300-ə yaxın tarixi əhəmiyyətli qəbiristanlıqlarımız, 70-ə yaxın monumental heykəltəraşlıq nümunələrimiz ermənilər tərəfindən dağıdıldı, məhv edildi. Bundan əlavə, 23 muzey və 4 şəkil qalereyasından 101 mindən çox daşınan tarix-mədəniyyət nümunələri - eksponatlar ermənilər tərəfindən oğurlanaraq mənimsənildi. Bundan başqa, işğal dövründə 50 min eksponat vətəndaşların şəxsi mənzillərindən ermənilər tərəfindən qarət edildi. Bu, xalçalar, kilimlər, fərbəşir və digər məişət əşyaları idi ki, babadan-nəvəyə, nəvədən-nəticəyə yadigar qala-qala dövrümüzə qədər gəlib çıxmışdır. Bütün bu mədəniyyət nümunələrimiz etnik təmizləmə zamanı, insanlarımızın öz evlərini qoyub-qaçmağa məcbur olduqları zaman ermənilər tərəfindən mənimsənilərək İrəvana daşınıb.
– Maddi-mənəvi irsimiz Ermənistanın Azərbaycanda apardığı işğal siyasəti nəticəsində böyük dağıntılara, vandallığa məruz qalıb. Niyə dünya dövlətləri və beynəlxalq qurumlar Azərbaycanın abidələrinin qorunmasına bu dərəcədə laqeyd qalır?
- Tarixi-mədəniyyət, memarlıq abidələrimizin dünənki aqibəti, əlbəttə ki, bəllidir. Bu 30 il ərzində bizim mədəniyyət abidələrimizi, mədəni irsimizi vandalizm aktları daban-dabana izləyib. Əgər onlardan bugünümüzə çox az qisim abidələrimiz qalıbsa, buna da şükür etmək lazımdır. Bizim torpaqlarda ermənilər vandallıqlar törətdilər, abidələrin bir qismi tamamilə dağıdılıb, bir qisminin formaları dəyişdirilib. Digər qismi təbiət təsirləri nəticəsində aşınmalara məruz qaldı. Bugünükü reallıq bütün bu abidələrin bərpa və konservasiyası faktını ortaya qoyur ki, buna əməl olunmalıdır.
İkilistandartlarla yaşadığımız bu dövrdə Azərbaycan tarixi mədəniyyət abidələrinə beynəlxalq təşkilatların münasibətləri həmişə mənfi olub. Bu qurumlar Azərbaycan abidələrinin dağıdılmasına əhəmiyyət verməyiblər və bu gün də həmin münasibət davam edir. Yəni yalnız özümüz mədəni irsimizin qorunmasının qayğısına qalmalıyıq. Heç bir beynəlxalq təşkilata və yaxud xarici dövlətlərə ümidli qalmamalıyıq.
– Məlumdur ki, müharibə qanunlarına görə işğal altında olan ərazilərdə qəbiristanlıqlar dağıdılmamalıdır. Ermənilər beynəlxalq qanunlara məhəl qoymur, Azərbaycan abidələrini, qəbirlərini dağıdır, mənfur əməllərindən əl çəkmirlər. Beynəlxalq təşkilatlar maddi-mənəvi irsin qorunması ilə bağlı konvensiyaların pozulmasına qarşı hansı tədbirləri görməlidir?
- Beynəlxalq qanunlara və konvensiyalara görə nəinki tək qəbiristanlıqlar, heç bir tarix mədəniyyət abidələri, istər daşınan, istərsə də daşınmayan abidələrin hamısı toxunulmaz qalmalıdır. Silahlı münaqişələr zamanı abidələrin mühafizəsi ilə bağlı 1954-cü il Haaqa Konvensiyasnın bütün müddəaları bu məsələyə həsr olunub. Ermənilər bu konvensiya və beynəlxalq hüququ ayaqaltına atıb və buna heç bir əhəmiyyət vermirlər. Düşünürəm, artıq konvensiyaların pozulmasına görə cinayətkar ermənilərə qarşı hansısa tədbirlərin görülməsi, sanksiyaların tətbiqi məsələsi də beynəlxalq güclərin vicdan işidir. Bu qurumlar istəsələr, ədaləti bərpa edə bilərlər, amma faktiki olaraq bu konvensiyalarda qanunları pozanlara cəza tədbiri nəzərdə tutulmayıb. Beynəlxalq qurumlar torpaqlarımız işğalda qaldığı 30 il ərzində hansı mövqeni sərgiləyirdisə, indi də eyni münasibəti göstərirlər. Yenə də erməniləri müdafiə edən çıxışlar var, yenə də erməni vandallarının Azərbaycan ərazilərində törətdiyi vəhşiliklərə göz yumulur. Erməni işğalının nəticələri ortada və bu qurumlar həqiqəti görməyə məcburdur. Əks halda, Azərbaycan ictimaiyyətinin beynəlxalq hüququn aliliyi deyilən məsələlərə heç bir inamı, etimadı qalmayacaq.
– Məhv edilən abidələrimizin bərpası istiqamətində özümüzün gördüyümüz işlər nə dərəcədə qaneedicidir?
– Bu gün işğalan azad edilən ərazilərdə dağıdılan və bərpaya ehtiyacı olan tarixi mədəniyyət abidələrinin qismən də olsa bərpasına başlanılıb. Aparılan bu bərpa işləri məni qane eləmir. Birinci, ona görə ki, bu işləri aparan şirkətlər abidənin ətrafına mühafizə divarları çəkərək, ora postlar qoyublar və ora hətta mütəxəssislərin özlərini belə buraxmırlar. Bu, bütün bərpa qanunlarına ziddir. Hər hansı mütəxəssis sadəcə abidəyə baxarkən müəyyən məsləhət verə bilir ki, bu da ümumi işin xeyrinə olan məsələdir. Mənə Şuşa şəhərində Qazançı rus pravoslav kilsəsinin şəkillərini çəkməyi belə qadağan etdilər. Bax bu, bizim təbliğat işimizə maneələr yaradan amillərdir. Bu gün apardığımız məqsədyönlü tikinti-abadlıq işlərini ictimaiyyətə çatdıra bilmirik. Bu baxımdan tikinti qrupları düşünsələr yaxşı olardı.
– Dünya ictimaiyyətini erməni vandallığı ilə nə dərəcədə məlumatlandıra bilmişik? Ermənilərin Azərbaycan qəbirlərini dağıtması ilə bağlı faktları aidiyyəti müstəvilərə çıxara bilmişikmi?
- Dünya ictimaiyyətini ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vandallıqlarla məlumatandırmaq olduqca çətin işdir. Birinci ona görə ki, ikilistandartlı yanaşmalar var. Dünyanın müəyyən təşkilatları görmək istədiklərini görürlər. Üzümüzə deməsələr belə, təqdim etdiyimiz faktları sükutla qarşılayırlar. Buna baxmayaraq abidələrimizlə bağlı faktları toplamalı, dəyən zərərləri hesablamalı və beynəlxalq məhkəmələrdə Ermənistana qarşı məhkəmə iddiaları qaldırmalıyıq ki, dünya özü bunu hiss eləsin, tərpənsin ki, bu vandallıqların təkrarlanmması üçün işlər görülməlidir...
Azərbaycan ictimai-siyasi təşkilatları, eləcə də alimlərimiz, ədiblərimiz, tarixçilərimiz informasiya texnologiyaları üzrə mütəxəssislərin birgə səyi ilə Azərbaycan torpaqları, o torpaqlardakı abidələrimiz, mədəni irsimizlə bağlı bütün faktları internet resurslarında müxtəlif dillərdə intensiz yerləşdirilməlidir. Məncə, bu istiqamətdə çox ciddi işlər görülməlidir. Hər hansı bir dünya insanı Azərbaycanın Qarabağ, Zəngəzur və daha böyük tarixi ərazilərimiz haqqında internet resursları üzərindən öyrənmək, məlumat almaq imkanı qazanmalıdır. Hər hansı bir rayonumuz haqqında müxtəlif dillərdə məlumatlar onlayın kitabxanalara yerləşdirilməlidir. Elə abidələrimizin dünəni və erməni təcavüzündən sonra üzləşdiyi vandalizm aktları müqayisəli şəkildə verilməlidir. Ermənistanın Azərbaycana qarşı törətdiyi bütün cinayətləri, birinci növbədə, internet informasiya texnologiyaları üzərindən faktlarla, sübutlarla dünyanın ictimai mühakiməsinə verməliyik. İstər daxildə, istərsə də xarici ölkələrdə bu proses ardıcıl şəkildə getməlidir. Elə son qəbiristanlıqlarımızın dağıdılması ilə bağlı ermənilərin özlərinin yaydığı video materialları da onlara qarşı istifadə etməliyik.
- YUNESKO Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki abidələrinin vəziyyətinin öyrənilməsi ilə bağlı çağırışımıza cavab vermirsə, bu laqeydlik prosesi hara qədər apara bilər?
- Ermənilər həm sovet dövründə, həm son 30 ildə, yəni Azərbaycan torpaqlarını işğal etdikdən sonra bu ərazilərdə İslam dini abidələrini, qəbiristanlıqları, qəbirüstü abidələrini, türbələri birmənalı şəkildə dağıdıb, Azərbaycanın tarixini birdəfəlik yer üzündən silmək istəyirdilər. Xankəndidə yük maşınları ilə qəbiristanlıqlardakı qəbir daşlarını dağıtması da gözlənilən idi. Ona görə ki, artıq son zamanlarda Qarabağ mövzusunun gündəmdə olmaması və Azərbaycan Respublikası Prezidentinin israrlı şəkildə Qarabağ probleminin Azərbaycanın daxili işi olduğunu deməsi ermənilərdə qıcıq yaradır və harada necə, nə gəldi dağıdır, məhv edirlər. Bununla bağlı dəfələrlə həm dövlət səviyyəsində, həm də QHT, ictimaiyyət nümayəndələri, ziyalılar səviyyəsində YUNESKO-ya müraciətlər olub. Lakin həyatımızda yaşadığımız bu ikilistandartlar YUNESKO-nun nə Azərbaycana gəlişini, nə də bir söz, bir bəyanat verməsinə imkan verir. Məlumdur ki, YUNESKO-nun əsas ofisi Fransada yerləşir. Bilirik ki, erməni diasporu Fransa hökumətinə ciddi təsir imkanlarına malikdir və bu gün YUNESKO-nun bu davranışı da başa düşüləndir. Ona görə də biz nə YUNESKO-dan, nə də digər təşkilatlardan nəsə gözləmirik.